Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri Hərbi Hava Qüvvələrinin bazasında olublar
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri oktyabrın 5-də Hərbi Hava Qüvvələrinin aviabazasında olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, on beş dövləti təmsil edən hərbi attaşelərə əvvəlcə hərbi hissə və onun yaranma tarixi barədə ümumi brifinq təqdim olunub. Aviabazada qonaqlar şəxsi heyət üçün yaradılan şərait, uçuş və texniki heyətlə tanış olub, əsgər yeməkxanaları və yataqxanalarına, məşğələ otaqlarına baxıblar. Silahlanmadakı hərbi texnika ilə tanış olan qonaqlar şəxsi heyətin döyüş hazırlığı məşqlərini də izləyiblər.
Zabit yeməkxanasında nahar edən hərbi attaşelər hərbi hissədə yaradılmış xidmət və məişət şəraitindən, döyüş hazırlığı və tədrisin səviyyəsindən məmnun qalıblar.
Qonaqlar səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.