Xatın faciəsinin hüznü ilə yanaşı Xocalını xatırlayırıq
Bakı, 11 may (AZƏRTAC). 9 May Belarus tarixində ən ehtiramla anılan bayramlardan biridir. Axı, ölkə Qələbə yolunda həddindən çox qurban vermişdir: həmin müharibədə onun hər üç sakinindən biri həlak olmuşdur. Dünyanın heç bir dövləti faşizm təcavüzünə qarşı belə kütləvi müqavimət göstərməmişdir. Məhz buna görə mayın 9-da Belarus Respublikasında müharibə qəhrəmanlarının ünvanına xüsusi razılıq və minnətdarlıq dolu sözlər səslənir.
Belarus Azərbaycanlıları İcmaları Konqresi (BAİK) Beynəlxalq İctimai Birliyinin (BİB) fəalları 1941-1945-ci illər Böyük Vətən müharibəsində nasist Almaniyası üzərində Qələbə Günü şərəfinə “Xatın” memorial kompleksini ziyarət edərək, kəndlə birlikdə yandırılmış dinc sakinlərin xatirəsini anmış, kompleksin önünə əklil və tər çiçəklər qoymuşlar.
BAİK BİB-in gənclər bölməsindən daxil olan informasiyaya görə, tədbirdə Azərbaycanın Belarusdakı səfirliyinin əməkdaşları, BAİK-in və onun gənclər bölməsinin nümayəndələri iştirak etmişlər.
Böyük Vətən müharibəsi sovet xalqının işğalçılara qarşı ümumi müharibəsi olmuşdur. Belarus müharibənin ilk günlərindən oda-alova bürünmüşdür. Bu sovet respublikasının sakinləri hitlerçilərin özləri ilə gətirdikləri işğal və “yeni qayda-qanun” əzabına qatlaşmalı olmuşlar.
İşğalçılara qarşı müqavimət şiddətli olmuşdur. Belarusda partizan müharibəsi əslində fasiləsiz davam etmişdir. Partizanların və gizli fəaliyyət göstərən dəstələrin öhdəsindən gələ bilməyən faşistlər qəzəblərini yerli əhaliyə yönəldirdilər.
Xatın kəndi də istisna olmamışdır. İndi siz hətta ən ətraflı coğrafi xəritədə belə Belarusun bu kəndini tapa bilməzsiniz, çünki o, 1943-cü ilin baharında faşistlər tərəfindən məhv edilmişdir.
Xatın faciəsi nasistlərin Belarus əhalisinə qarşı məqsədyönlü soyqırımı siyasətini təsdiq edən minlərlə faktdan biridir. Belarus torpağında işğalın davam etdiyi üç il ərzində (1941-1944-cü illər) yüzlərlə belə faciə baş vermişdir.
Xatın kəndinin partizanlara yardım göstərməsi ehtimal edilən 149 sakininin hamısı ümumi kollektiv cəza prinsipinə uyğun olaraq diri-diri yandırılmış və ya güllələnmişdir.
1969-cu ildə kəndin yerində xalqın igidliyi və əyilməzliyi ideyasını təcəssüm etdirən memorial kompleks açılmışdır.
Xatın dinc əhalinin kütləvi şəkildə məhv edilməsinin, Belarus xalqının faciəsinin rəmzinə, Böyük Vətən müharibəsi tarixinin ən kədərli səhifələrindən birinə çevrilmişdir.
Xatın kəndinin faciəsi Azərbaycanın Xocalı şəhərinin faciəsinə çox oxşayır. Fərq yalnız bundadır ki, Xatın kəndində hadisələr hərb dövründə baş vermiş, Xocalı şəhərinin sakinləri isə heç bir rəsmi hərbi əməliyyatın aparılmadığı bir dövrdə vəhşicəsinə məhv edilmişdir.
Tədbir iştirakçıları o uzaq illərdə Xatın kəndində həlak olanların xatirəsini anaraq xəyalən Xocalı şəhərinin amansızlıqla qətlə yetirilmiş dinc əhalisinə ehtiramlarını bildirmişlər.