Xələf Xələfov: Gürcüstan-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir
Tbilisi, 19 iyun, AZƏRTAC
Bu gün Gürcüstanın və Azərbaycanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılacaq. Bu görüşün başlıca məqsədi iki ölkə arasında yüksək səviyyəli münasibətləri dialoq vasitəsilə də davam etdirməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanda səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Gürcüstan-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir və biz strateji əlaqələr çərçivəsində əməkdaşlığımızın konkret istiqamətlərini müəyyən edəcəyik. Bundan sonra da həmin istiqamətlərin daha yaxşı və sürətlə inkişafına nail olmalıyıq”, - deyə nazir müavini vurğulayıb.
O bildirib ki, ölkələrimiz arasında dövlət və hökumət başçıları səviyyəsində çox sıx dialoq həyata keçirilir, təmaslar var, dostluq əlaqələri və etibarlı münasibətlər mövcuddur. Ölkə başçıları səviyyəsində yüksək və aktual vəzifələr müəyyən olunub. Bu məsələlər öz həllini tapmalıdır.
X.Xələfov, həmçinin vurğulayıb: “Eyni zamanda, regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparacağıq. Çünki bu məsələlərdə də Azərbaycanın və Gürcüstanın birgə hədəfləri, birgə maraqları, qarşılıqlı fəaliyyət potensialı və resursları var. Biz bunlardan hər iki ölkənin xalqlarının mənafeyi üçün necə istifadə edə biləcəyimizi müzakirə edəcəyik”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi