Xətai rayonunda qadınların özünüməşğulluq proqramına cəlb olunması müzakirə edilib
Bakı, 16 avqust, AZƏRTAC
Xətai Rayon İcra Hakimiyyəti və bələdiyyəsi, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rayon sektoru, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə “Qadınlar özünüməşğulluq proqramında -öyrənək və öyrədək” adlı tədbir keçirilib.
Rayon İcra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin əsas məqsədi həssas qruplardan olan qadın və qızların özünüməşğulluq proqramına cəlb olunmasına yardım göstərmək məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi, proqramın hüquqi bazası, eləcə də kiçik biznesin təşkili və idarə olunması üzrə məlumatlar verməkdən ibarət olub.
Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov və “Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyinin sədri Xanım Əhmədzadə çıxış edərək ölkəmizdə həyata keçirilən özünüməşğulluq proqramında qadınların əmək bazarında iştirakı və məşğulluq imkanlarının artırılması, onların kiçik sahibkarlığa çıxışına dəstək verilməsinin əsas prioritetlərdən olduğunu bildiriblər. Qeyd olunub ki, işsiz və işaxtaran şəxslər əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırır, ailə bizneslərini qurur və bununla kiçik və orta sahibkarlığın inkişafına xidmət edirlər
Təlimçi Aybəniz Əliyeva iştirakçılara özünüməşğulluq proqramı, onun mərhələləri və qaydaları haqqında ətraflı məlumat verib və sualları cavablandırıb.