XƏZƏRİN EKOLOGİYASI XÜSUSİ DİQQƏT TƏLƏB EDİR
AZƏRTAC xəbər verir ki, nazirliyin Xəzərin Kompleks Ekoloji Monitorinqi İdarəsinin direktoru Lətifə Hüseynova Xəzər sahillərinin indiki ekoloji durumu - dəniz suyunun keyfiyyəti, kanalizasiya sistemi və sənaye tullantılarının dənizə axıdılması sahəsində vəziyyətlə bağlı infomasiya vermişdir.
O demişdir ki, Xəzərin problemləri sovet dövründən - müxtəlif sənaye sahələrinin ölkəmizin ekologiyasına ziyan vurmağa başladığı vaxtdan yaranmışdır. O vaxtlar ekologiyanın acınacaqlı vəziyyəti araşdırılmırdı, hazırda isə bunu monitorinqin nəticələri sübuta yetirir. Bu nəticələr təxirəsalınmaz müdaxilə tələb edir. Məsələn, Yalama-Nabran zonasında təmizləyici qurğulardan kifayət qədər səmərəli istifadə olunmaması bir nömrəli problemə çevrilmişdir ki, bu da sahilin mikrobioloji mühitini çirkləndirir. Hazırda Abşeron yarımadasını - Mərdəkan qəsəbəsi sahilini və Şahdili ərazisini yeganə nisbətən təmiz zona hesab etmək olar. L.Hüseynova vurğulamışdır ki, Xəzərin Azərbaycan sahillərinin problemlərini yerdə qalan dörd dövlətin monitorinqdə iştirak etmək istəməməsi də artırır. Məsələn, Türkmənistan və Qazaxıstan sahilin mikrobioloji mühitini birgə tədqiq etməkdən boyun qaçırmışlar.
Milli Elmlər Akademiyası Coğrafiya İnstitutu direktorunun müavini Ramiz Məmmədov “Kaspi” adlı kitabın çıxacağı barədə məlumat vermişdir. Nəşrdə sahilin ekologiyasının əsas problemlərinə toxunulur.