XƏZƏRİN HÜQUQİ STATUSUNUN MÜƏYYƏN EDİLMƏSİ ÜZRƏ İŞÇİ QRUPUNUN İCLASI BAŞA ÇATDI
İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiyanı ölkə prezidentinin beynəlxalq energetika əməkdaşlığı üzrə xüsusi nümayəndəsi İqor Yusufov, Türkmənistanı ölkə prezidenti yanında Xəzər dənizi məsələləri üzrə dövlət müəssisəsinin sədri Xoşgəldi Babayev, İranı ölkənin Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfəri, Qazaxıstanı ölkənin Rusiyadakı səfiri Krımbek Kuşerbayev təmsil edirdilər.
İkigünlük iclasın yekunlarına əsasən, “Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun 15-ci iclasının rəsmi məlumatı” qəbul olunmuşdur. Rəsmi məlumatda deyilir ki, iclasda Xəzəryanı dövlətlərin nümayəndə heyətlərinin başçıları çıxış edərək, Xəzərin hüquqi statusunun əsas cəhətləri barədə tərəflərin mövqelərini açıqlamışlar. Konvensiya layihəsinin maddə-maddə üçüncü müzakirəsi başa çatdırılmışdır. Layihənin bir sıra müddəaları üzrə mövqelər yaxınlaşdırılmışdır. Tərəflər həll olunmamış məsələlərin tənzimlənməsi işini davam etdirməyi qərara almışlar.
İclasdan sonra Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistanın işçi qruplarının rəhbərləri keçirdikləri brifinqdə müzakirələrin yekunlarından razı qaldıqlarını ifadə edərək dedilər ki, çox konstruktiv və səmərəli danışıqlar aparıldı, tərəflərin ümdə məsələlər barədə mövqeləri tutuşduruldu. İclas iştirakçıları Rusiyanın xarici işlər naziri S.Lavrovun toplantının açılışındakı çıxışını yüksək qiymətləndirdilər.
Rusiya işçi qrupunun rəhbəri İqor Yusufov işin nəticələrindən danışaraq bildirdi ki, ümdə məsələlər məlumdur. Bunlar həm Xəzərdə hərbi fəaliyyət, həm ehtiyatların bölgüsü, həm də tərəflər arasında hazırlanan sahə sazişləri barədə məsələlərdir. O dedi: “Biz nəticələrdən və həmkarlarımızın mövqelərindən razıyıq. Onlar son sənədin qəbul olunması üçün konstruktiv yanaşma və mövqeləri yaxınlaşdırmaq arzusu nümayiş etdirirlər”.
Azərbaycan nümayəndəsi Xələf Xələfov iclasın konstruktiv xarakter daşıdığını təsdiqləyərək bildirdi ki, tərəflər razılaşdırılmamış qalan məsələlərin müzakirəsinin növbəti mərhələsini keçdilər. Həll edilməmiş ayrı-ayrı məsələlərə dair aparılan konkret, ətraflı fikir mübadiləsi gələcək görüşlərdə ümumi razılaşmaya nail olmaq üçün çox yaxşı zəmin yaratdı. X.Xələfovun sözlərinə görə, görüşlər müntəzəm surətdə keçiriləcək, “xüsusi işçi qrupunun bəzi əsas məsələlər üzrə işini intensivləşdirmək barədə danışıqlar aparılacaqdır”. Azərbaycan xarici işlər nazirinin müavini dedi: “Təmas nöqtələri də var. Onlara yanaşma müxtəlif olmuşdur. Söhbət Xəzər dənizinin dibinin bölünməsi, su akvatoriyasından istifadə, təhlükəsizliklə bağlı məsələlərdən gedir. Bütün bu məsələlər ətraflı müzakirə edildi, lakin biz hələ çox gərgin işləməliyik çünki, Xəzəryanı dövlətlərin başçılarının zirvə toplantısını keçirmək barədə təklif var. Biz həmişə hesab edirik ki, belə yüksək səviyyədə forumun keçirilməsi üçün işçi qrupunun ekspertləri əsas məqamların razılaşdırılması sahəsində gərgin işləməlidirlər ki, dövlət başçıları həmin məsələlərə dair məqbul qərar qəbul edə bilsinlər”.