REGİONLAR
Xırdalan şəhərinin yol infrastrukturu yenilənir VİDEO
Bakı, 25 dekabr, AZƏRTAC
Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq kompleks tədbirlərin icrasına başlanılıb. Əsaslı təmir işləri Xırdalan şəhərinin əsas nəqliyyat arteriyası hesab olunan 5100 metr uzunluğa malik Heydər Əliyev prospektində aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir işləri çərçivəsində mümkün ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi, mövcud piyada səkilərinin yenidən qurulması, zəruri yerlərdə yeni piyada səkilərinin tikintisi, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri aparılır. Prospektdə işlər “İnşaat norma və standartları”na uyğun şəkildə kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə görülür.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.
Anoloji təmir işləri Xırdalan şəhərinin digər küçələrində də aparılır. İlkin olaraq təmir işlərinə ümumi uzunluğu 5,4 kilometr olan Nizami, Hacı Zeynalabdin Tağıyev, Səttar Bəhlulzadə və Qalubiyyə küçələrində başlanılıb. Hazırda aparılan kompleks tədbirlər çərçivəsində, Səttar Bəhlulzadə küçəsinin də asfaltlanması işləri görülür. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.