Xızıda narkotiklə saxlanılan şəxsin başqa cinayətlərinin də üstü açılıb VİDEO
Xızı, 20 mart, Elxan Yusifli, AZƏRTAC
Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələri qanunsuz saxlamaqda şübhəli bilinən şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, RPŞ-nin əməkdaşları rayonun Şorabad qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Sərxan Mirzəyevi qəsəbə ərazisində saxlayıb.
Onun üzərinə baxış keçirilən zaman şəxsi istehlak miqdarından artıq narkotik maddə olan heroin, yaşadığı evin həyətyanı sahəsindən isə bir ədəd sənədləri olmayan lüləsi kəsilmiş “İj” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.
Sərxan Mirzəyevin ətrafında aparılan tədbirlərlə onun digər cinayətlərinin də üstü açılıb. Belə ki, S.Mirzəyevin cari ilin fevral ayında yaşadığı qəsəbə ərazisində iki fərdi yaşayış evindən məişət əşyaları və avadanlıqları oğurlayaraq dəyərindən ucuz qiymətə satdığı müəyyən edilib. Oğurluq yolu ilə əldə edilmiş bir ədəd televizor isə onun yaşadığı evdən maddi sübut kimi götürülüb.
Qeyd olunan faktlarla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.