ELM VƏ TƏHSİL
Xocalı - tarixin qanlı yaddaşı
![Xocalı - tarixin qanlı yaddaşı](/files/2023/1/1200x630/16772449715623158787_1200x630.jpg)
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında “Xocalı - tarixin qanlı yaddaşı” adlı tədbir keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Respublika Elmi-Texniki Kitabxanasının informasiya resursları üzrə direktor müavini Ləman Xələfova Xocalı soyqırımının insanlığa qarşı hərbi cinayət olmasından, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən verilməsidən danışıb.
Kitabxananın əməkdaşları tarixdə analoqu olmayan faciənin dəhşətlərindən, erməni quldurları tərəfindən dinc azərbaycanlı əhaliyə amansız divan tutulmasından, Xocalı şəhərinin yerlə-yeksan edilməsindən söz açıblar. Xocalı soyqırımının dünyaya çatdırılması və Zəfərə aparan çətin yol haqqında çıxışlar dinlənilib. Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası bu soyqırımının bütün dünyada tanıdılmasında mühüm rol oynayır.
Kitabxananın patent və müəllif hüquqları resursları üzrə direktor müavini Mübariz Məmmədli Böyük Britaniya vətəndaşı, tərcüməçi, jurnalist, prodüser İen Pertin ssenarisi əsasında lentə alınmış, Xocalı soyqırımı dəhşətlərindən bəhs edən “Nəhayətsiz dəhliz” sənədli filminin ərsəyə gəlməsindən danışıb.
Tədbir boyu “Xocalı - tarixin qanlı yaddaşı” adlı videomaterial nümayiş etdirilib.