Xocalı faciəsi Azərbaycan tarixinə yazılmış ən dəhşətli bir səhifədir
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Memarlıq və İncəsənət İnstitutunda Xocalı soyqırımının 31-ci ildönümü qeyd olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Əvvəlcə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə qeyd edib ki, xalqımızın mənəviyyatını sarsıdan Xocalı faciəsi Azərbaycan tarixinə yazılmış ən dəhşətli bir səhifədir. Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında qara ləkə kimi iz qoyub. Qarabağın dağlıq hissəsində azərbaycanlıların məskunlaşdığı Xocalı şəhəri böyük strateji əhəmiyyətə malik idi. Azərbaycanın tarix və mədəniyyət ənənələrini ehtiva edən Xocalı erməni işğalı nəticəsində tamamilə məhv edildi. İnsanlar xüsusi amansızlıqla qətlə yetirildi. Bu faciəni törətməklə ermənilər xalqımızda xof yaratmaq, xalqın mübarizə əzmini qırmaq istəyirdi. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında xalq, dövlət və ordu birliyi nəticəsində Azərbaycan xalqı düşmən üzərində Qələbə çaldı.
Daha sonra Teatr, kino və televiziya şöbəsinin aparıcı elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayeva “Xocalı faciəsi mövzusu teatr sənətində”, Musiqi folkloru şöbəsinin böyük elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şəmsi Gülməmmədova “Xocalının faciəsi və qələbəsi” mövzularında çıxış ediblər.