REGİONLAR
Xocalı soyqırımı bəşəriyyətə qarşı tarixi cinayətdir
![](/files/galleryphoto/2023/1/1200x630/16772423101727824707_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16772423113109256190_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16772423112327662886_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16772423113684258853_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/167724231121936277_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16772423114744238577_1200x630.jpg)
Şamaxı, 24 fevral, AZƏRTAC
Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və Şamaxı şəhər M.Hadi adına 9 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev - Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra məktəbin direktoru Səxavət Əsgərov çıxış edərək bildirib ki, Xocalı faciəsi bütün insanlığa qarşı ən ağır cinayətdir. Xalqımızın başına gətirilən bu müsibətin, həmin qanlı hadisələrin heç zaman unudulmayacağı bildirilib.
Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova isə qeyd edib ki, Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsi Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ümummilli Liderimiz Xocalı soyqırımı haqqında deyirdi: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəlmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür”.
Məktəbin direktor müavini Mətanət Daşdəmirova, mərkəzin bələdçisi Şəhla İsmayılova və kitabxanaçı Nuridə Qədirova çıxış edərək bildiriblər ki, Ermənistanın tarix boyu Azərbaycan xalqına qarşı törətdiyi ən dəhşətli cinayətlərdən biri də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhər sakinlərinə qarşı etdiyi vəhşiliklər, soyqırımıdır. Yüzlərcə dinc insan - yaşlı, uşaq və qadın bir neçə saatın içərisində öldürülmüş, onlara qarşı ən dəhşətli işgəncə və təhqiramiz əməllər həyata keçirilmişdir. Həmin gecədə qətlə yetirilənlərdən 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca idi. Xocalı hadisələri bir daha onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək yox, həm də xalqımıza qarşı soyqırımı törətmək fikrindədirlər. Bu, Xocalı hadisələrindən özünü açıq-aşkar büruzə verdi.
Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətin və rəşadətli ordumuzun səyi nəticəsində xalqımız Vətən müharibəsində şanlı Qələbə qazandı.
Sonda məktəblilərin ifasında kompozisiya və “Xocalı qətliamı” filmi nümayiş etdirilib