Xocalı soyqırımının 20-ci ildönümü Vyanada qeyd olunmuşdur
Vyana, 25 fevral (AZƏRTAC). Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi fevralın 25-də Vyana şəhərinin mərkəzində yerləşən Ştefan meydanında və Vyana Dövlət Operasının qarşısında XX əsrdə bəşəriyyətin ən dəhşətli soyqırımlarından biri - Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar kütləvi aksiya keçirmişdir.
Ştefan meydanında və Vyana Dövlət Operasının qarşısında qurulmuş çadırlarda Xocalı soyqırımını və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi barədə gerçəklikləri əks etdirən müxtəlif dillərdə kitablar, broşürlər və digər informasiya materialları nümayiş etdirilmişdir. Tələbə cəmiyyətinin üzvləri üzərində „Xocalıya ədalət“ yazılmış köynəklər geyinərək, Heydər Əliyev Fondu tərəfindən buraxılmış informasiya materiallarını və almanca hazırlanmış vərəqələri yerli sakinlər arasında yaymışlar. Onlar yerli əhaliyə erməni vandalları tərəfindən törədilən Xocalı qətliamı barədə ətraflı məlumat vermişlər. Cəmiyyətin fəalları aksiyaya maraq göstərən insanlarla söhbət edərək, Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur olması, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Azərbaycanın münaqişənin sülh yolu ilə həll olunmasında göstərdiyi səylər haqqında danışmışlar.
Meydanda quraşdırmış ekranlarda Xocalı soyqırımı haqqında video və fotomateriallar, sənədli filmlər nümayiş olunmuşdur.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana