Xocavəndli məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə də dezinfeksiya tədbirləri davam etdirilir
Beyləqan, 27 mart, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə respublikamızın hər yerində olduğu kimi, xocavəndli məcburi köçkünlərin Beyləqan rayonu ərazisində məskunlaşdığı qəsəbələrdə də dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər davam etdirilir. Məcburi köçkünlərin koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəsəbələrdəki bütün küçələr və daxili yollar kommunal texnika vasitəsilə xüsusi məhlulla yuyulur. Qəsəbələrdəki ümumi istifadə yerləri, o cümlədən yol kənarlarında piyada səkiləri, zibil qutuları, bankomat və oturacaqlar, ictimai binalar dezinfeksiya olunur. Həmçinin əhali arasında geniş maariflənmə işləri aparılır, sakinlərə gigiyena tələblərinə riayət etmələrinin vacibliyi izah edilir.