Xüsusi qayğıya ehtiyacı olan uşaqlar Od çərşənbəsini qeyd ediblər
Bakı, 4 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsində Od çərşənbəsinə həsr edilən şənlik keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tonqalın ətrafına toplaşan uşaqlara çərşənbələrin mahiyyəti və Novruzun qədim ənənələri izah olunub.
Şənlik zamanı müxtəlif oyunlar keçirilib, uşaqlara bayram sovqatları verilib. Tədbir əlilliyi olan uşaqların hazırladıqları səhnəciklər, rəqslər və digər musiqili təqdimatlarla davam edib.
Qeyd edək ki, tədbir uşaqların sosial bacarıqlarının inkişafına, cəmiyyətə inteqrasiyasına töhfə vermək və milli-mənəvi dəyərlərimizin aşılanması məqsədi ilə təşkil olunub.