YADDAŞLARDA NADİR TARİXİ ŞƏXSİYYƏT KİMİ YAŞAYACAQDIR
AĞAQULU MUSAYEV sahibkardır, Xaçmaz rayonundan gəlmişdir. Ağsaqqal AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir: “Əbədi Prezidentimizin həyata keçirdiyi cəsarətli aqrar islahatlar sayəsində sahibkar olmuşam. 80 hektar torpağım, 1000 baş qoyunum, 100-ə yaxın inəyim vardır. Bu il 60 hektarda buğda əkmişdim, hər hektardan 5 ton məhsul götürmüşəm. Sözümün canı odur ki, bu böyük insan mənə və ailəmə çörək verib. Ölüncə onun bu yaxşılığını unutmarıq. Mən sığallı-tumarlı danışa bilmirəm. Bircə onu bilirəm ki, bu gün kəndli o kişinin verdiyi çörəyi yeyir. İşləyənin arxası-dayağı idi. Bütün orden-medalları onun vaxtında almışam, qabaqcıl olduğum üçün “Volqa” minik avtomobili ilə mükafatlandırılmışam. Görüşlərimizin birində dahi rəhbərimizə söz vermişdim ki, Qarabağ alınan kimi 50 qoç kəsəcəyəm. Sözümün üstündə dururam. Yeni Ali Baş Komandanımızı əmin edirəm ki, onun qalib əsgərlərinin ayağı Şuşaya dəyəndə 50 qoç qurban kəsəcəyəm. Əbədi Prezidentimizin qırxınadək hər cümə axşamı ehsan verəcək, ruhuna dua oxutduracağam. Allah rəhmət eləsin, qəbri nurla dolsun”.
MARİYA KOJEVNİKOVA (Şamaxı rayonu, Çuxuryurd kəndi): “Azərbaycan kəndi, Azərbaycan kəndlisi durduqca Heydər Əliyevin adı yaşayacaqdır. İstər respublikaya rəhbərlik etdiyi 70-ci illərdə, istərsə də hakimiyyətə qayıdandan sonrakı fəaliyyəti kəndlə, kəndli ilə sıx bağlı olub. Biz onu ən yaxın, ən əziz adamımız bilirdik. Heydər Əliyevin dövründə kolxoz sədri, rayon partiya komitəsinin ikinci katibi işləmişəm, “Şərəf nişanı” ordeninə layiq görülmüşəm. O, mənim xatirimdə nadir tarixi şəxsiyyət kimi yaşayacaqdır. Biz dahi rəhbərimizə dərindən inanır, etibar edirdik. İndi kənd əməkçiləri bu inam və etibarı onun siyasi yolunu davam etdirən gənc Prezident İlham Əliyevə yönəltmişlər. Biz ona böyük ümid bəsləyirik. Allah Heydər Əliyevə rəhmət eləsin!”