Yalçın Rəfiyev: Qlobal transformasiya şəraitində gənclərin diplomatik biliklərinin artırılması vacibdir VİDEO
Bakı, 5 fevral, AZƏRTAC
Dünyada baş verən qlobal transformasiyalar şəraitində gənclərin beynəlxalq prosesləri dərindən anlaması və diplomatiya sahəsində biliklərini artırması mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev “II Qoşulmama Hərəkatı Gənclər Həftəsi”nin açılışında çıxışı zamanı deyib.
Nazir müavini qeyd edib ki, “II Qoşulmama Hərəkatı Gənclər Həftəsi” gənclərin müasir beynəlxalq siyasət və diplomatiya sahəsində təcrübəli diplomatların biliklərindən faydalanması üçün səmərəli platforma kimi özünü doğruldub.
O, Azərbaycan gənclərini Gənclər Günü münasibətilə təbrik edib, COP29 çərçivəsində gənclərlə bağlı təşəbbüslərin əhəmiyyətini vurğulayıb.
Yalçın Rəfiyev bildirib ki, beynəlxalq sistem hazırda dərin transformasiya mərhələsindən keçir, çoxtərəfli institutlara etimad zəifləyir və bu şəraitdə beynəlxalq əməkdaşlıq daha da vacib xarakter alır. Onun sözlərinə görə, bu reallıqlar hər bir ölkə üçün müstəqil siyasətin, iqtisadi və hərbi baxımdan güclü olmağın nə qədər əhəmiyyətli olduğunu açıq şəkildə göstərir.
Nazir müavini vurğulayıb ki, Azərbaycan bu mürəkkəb şəraitdə balanslı və müstəqil xarici siyasət kursunu uğurla davam etdirir.