SİYASƏT
YAP Nizami rayon təşkilatının daha üç ərazi ilk partiya təşkilatı təsis edilib
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən təsis iclaslarında çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov müasir Azərbaycanın müstəqillik tarixinin uğurlarının Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu deyib. O, bu ideyaların ətrafında sıx birləşən partiyanın hər bir üzvünün böyük fədakarlıqlar göstərdiyini vurğulayıb.
Bildirilib ki, YAP-ın möhtəşəmliyinin əsasında dayanan ilk növbədə ulu öndər Heydər Əliyev ideyalarıdır. Partiyanın gücü və əzəməti onun sədri İlham Əliyevin Azərbaycanın Prezidenti kimi ölkəmizdə həyata keçirdiyi siyasətin uğurları və qələbələridir. Partiyanın gücü, eyni zamanda, Azərbaycan xalqının YAP-a inamı, etibarı və etimad göstərməsidir. Yeni Azərbaycan Partiyası bu gün 600 mindən artıq üzvü öz sıralarında birləşdirməklə ümumxalq partiyası olduğunu nümayiş etdirir.
Sonra təşkilati məsələlərə baxılıb, yeni ərazi ilk partiya təşkilatlarının sədrləri və sədr müavinləri seçilib.
Yeni təsis edilən ərazi ilk partiya təşkilatlarının sədrləri Nuranə Şərifova, Mahirə İsmayılova və Ədilə Səlimova deyiblər ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası ölkəmizin daim qüdrətlənməsinə, insanların sosial rifah halının yaxşılaşdırılmasına çalışıb. Bu, partiyanın siyasətində dövlətə, xalqa xidmətin öndə dayandığının təsdiqidir.
Tədbirin sonunda partiyaya qəbul olunmaq arzusunda olan bir qrup gənc rayon təşkilatına müraciət edib.