Yaponiya hökuməti yeni koronavirusa qarşı mübarizə ilə əlaqədar tədbirlərin ikinci paketini bəyənib
Tokio, 11 mart, AZƏRTAC
Yaponiya hökuməti yeni koronavirusa qarşı mübarizə ilə əlaqədar tədbirlərin ikinci paketini bəyənib.
AZƏRTAC xəbər verir ki, martın 10-da keçirilən iclas zamanı qəbul edilən tədbirlər paketi koronavirusun yayılmasının qarşısının alınması üçün ümumilikdə 430 milyard yen (4 milyard dollar) əlavə vəsaitin ayrılmasını nəzərdə tutur.
Buraya, ilk növbədə, məktəblər bağlandıqdan sonra uşaqlara baxmaq üçün işdən qalan valideynlərə maliyyə yardımı daxildir. Subsidiyaların yeni paketi itirilmiş gəlirin əvəz olunması üçün valideynlərə kompensasiyaların ödənməsini nəzərdə tutur.
Bəyənilmiş tədbirlərə, həmçinin yeni koronavirusla əlaqədar satışın həcminin azalmasına görə kiçik biznesə sıfır faizlə və girov qoyulmadan xüsusi kreditlərin verilməsi də daxildir.
İclasda çıxış edən Baş Nazir Şinzo Abe təşkilatçılardan daha 10 gün müddətinə insanların kütləvi şəkildə toplaşdığı müxtəlif tədbirləri təxirə salmağı xahiş edib.
Baş nazir, həmçinin yeni koronavirusun daha çox yayıldığı İtaliyanın şimalından və digər ölkələrdən gələn əcnəbilərin Yaponiyaya gəlişinin qadağan edilməsinin məqsədəuyğun olduğunu da deyib.
Qeyd edək ki, son məlumatlara görə Yaponiyada 1277 nəfər “COVID-19” koronavirusuna yoluxub. Artıq 19 nəfər həmin virusla əlaqədar dünyasını dəyişib. Daha 56 nəfərin vəziyyətinin çox ağır olduğu bildirilir. Bu günədək ümumilikdə 346 nəfər sağalaraq xəstəxanaları tərk edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio