Yaponiyanın Baş naziri yanvarın 9-da G7 turuna başlayacaq
Bakı, 4 yanvar, AZƏRTAC
Yaponiyanın Baş naziri Fumio Kişida yanvarın 9-da Yeddilik Qrupu (G7) ölkələrinə səfər turuna başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Fumio Kişida dünən yeni ilin ilk mətbuat konfransında deyib. "Yanvarın 9-dan başlayaraq mən Fransa, İtaliya, Böyük Britaniya, Kanada və ABŞ-a səfər edəcəyəm", - deyən Baş nazir həmin ölkələrin liderləri ilə G7 çərçivəsində qarşılıqlı əlaqələrlə bağlı məsələləri müzakirə etməyi planlaşdırdığını bildirib.
Səfərlərin dəqiq tarixləri hələ məlum deyil, lakin Ağ ev bir qədər əvvəl elan etmişdi ki, ABŞ prezidenti Co Bayden və Kişidanın yanvarın 13-də Vaşinqtonda görüşü planlaşdırılıb. İlkin məlumata görə, liderlər Rusiyanın Ukraynada apardığı müharibəni, Şimali Koreyanın nüvə və raket proqramını, Tayvan ətrafındakı vəziyyəti müzakirə edəcəklər.
Yeddilik Qrupuna sədrlik bu il Yaponiyaya keçib və G7 ölkələrinin sammiti may ayında Xirosimada keçiriləcək. Bu şəhər 1945-ci il avqustun 6-da Amerikanın atom hücumuna məruz qalıb. Seçki dairəsi Xirosimada yerləşən Fumio Kişida seçimini belə izah edib ki, görüşün bu məkanda keçirilməsi nüvə silahından imtina lehinə dünyaya güclü siqnal olacaq.