“YAŞAT” Fondu türkiyəli və azərbaycanlı şəhid ailə üzvlərini Naxçıvanda bir araya gətirib
Bakı, 22 avqust, AZƏRTAC
“YAŞAT” Fondunun təşkilatçılığı, “Azərbaycan Hava Yolları” QSC-nin, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının tərəfdaşlığı, “Nar”ın sponsorluğu ilə Naxçıvanda düşərgə keçirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, layihə Azərbaycan-Türkiyə sahəvi əməkdaşlığının sistemləşdirilməsi və dərinləşdirilməsinə dair fəaliyyət istiqamətləri və Azərbaycan-Türkiyə əməkdaşlığına dair qəbul edilmiş Fəaliyyət Planına əsasən icra olunur.
Düşərgə çərçivəsində 15-17 yaş aralığında 50-yə yaxın türkiyəli və azərbaycanlı şəhid ailə üzvləri dörd gün ərzində Naxçıvan Muxtar Respublikasında bir araya gələcəklər.
Bununla əlaqədar layihə iştirakçıları ötən gün Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüblər.
Proqram müddətində iştirakçılar müxtəlif ekskursiya və gəzintilərdə iştirak edəcəklər.
Açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iştirak ediblər.
Bildirilib ki, Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlığın, dostluğun və qardaşlığının bariz nümunəsi kimi belə layihələrin “YAŞAT” Fondu tərəfindən davamlı həyata keçirilməsi nəzərdə tutulur.
Layihənin media dəstəkçiləri ASAN TV, ASAN Radiodur.