“YAŞAT” Fondunun rəhbəri: Qarşıdakı aylarda “Qış düşərgəsi”nin təşkili də planlaşdırılır
Naxçıvan, 22 avqust, Nail Əsgərov, AZƏRTAC
“YAŞAT” Fondu yarandığı gündən etibarən bir çox sosial layihələr həyat keçirir. Onlardan biri də bu gün Naxçıvanda təşkil olunan "Yay düşərgəsi"dir. Bu düşərgədə 44 şəhid övladı iştirak edir ki, onlardan 9-u qardaş Türkiyə Respublikasından dəvət olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov Ağbulaq İstirahət Mərkəzində Azərbaycan və Türkiyədən olan şəhid övladları üçün “Yay düşərgəsi"nin açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində söyləyib.
“Bildiyiniz kimi, Azərbaycan-Türkiyə sərhədi Naxçıvan Muxtar Respublikası ərazisində yerləşir. Bu mənada düşündük ki, iki qardaş ölkənin şəhid övladları üçün düşərgəni məhz Naxçıvanda keçirək. “Yay düşərgəsi”, eyni zamanda, Azərbaycan və Türkiyənin bu sahə üzrə əməkdaşlığının sistemləşdirilməsi və genişləndirilməsi ilə bağlı fəaliyyət planının icrası çərçivəsində reallaşdırılır. Məqsəd şəhid övladları arasında dostluq münasibətlərinin yaradılması, əlaqələrin inkişaf etdirilməsi, Naxçıvanın tarixi, gəzməli-görməli yerlərini yaxından tanımaq, şəhid övladlarının asudə vaxtlarının səmərəli keçirilməsidir”, - deyən “YAŞAT” Fondunun rəhbəri qeyd edib ki, fond tərəfindən Türkiyə ilə bağlı bir sıra layihələr də həyata keçirilir.
“Yeri gəlmişkən, Ağbulaq İstirahət Mərkəzi qış turizmi infrastrukturuna da malikdir. Şəhid övladları üçün qış idmanının kütləviliyinin artırılması və təbliği baxımından qarşıdakı aylarda, qış fəslində düşərgənin təşkili də planlaşdırılır. Düşünürük ki, bu il Naxçıvanda “Qış düşərgəsi”ni təşkil edə biləcəyik”, - deyə Elvin Hüseynov əlavə edib.