Yaşayış binasının damının uçması nəticəsində yaranan təhlükəli vəziyyət aradan qaldırılıb
Xaçmaz, 13 yanvar, Elxan Yusifli, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin xilasediciləri Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən çoxmərtəbəli binanın dam örtüyünün bir hissəsinin uçması ilə əlaqədar əraziyə cəlb olunub.
FHN-in Mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən güclü külək nəticəsində beşmərtəbəli, dördbloklu yaşayış binasının 2 blokunun dam örtüyünün qoparaq yerə düşdüyü və ətrafdakı insanlar üçün təhlükəli vəziyyətin yarandığı müəyyən edilib.
Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq ərazidə müvafiq tədbirlər görərək insanların təhlükəsizliyini təmin ediblər.
Hadisə nəticəsində xəsarət alan olmayıb.