“Yaşıl marafon” layihəsi Səbail rayonunda uğurla davam edir
Bakı, 1 dekabr, AZƏRTAC
Bu ilin noyabrından ölkəmizin bütün guşələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start götürmüş “Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində keçirilən aksiyalar zamanı on minlərlə ağac əkilib. Bu nəcib təşəbbüsə ilk qoşulanlardan biri də Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonu olub.
Ölkəmizin, eləcə də Bakının daha da abadlaşdırılması və çiçəklənməsinə yardımçı olan bu layihə çərçivəsində görülən işlər Prezident İlham Əliyevin respublikamızın paytaxtında yaşıllıqların artırılması barədə göstərişinin yüksək səviyyədə həyata keçirilməsinə xidmət göstərir.
Məqsədi ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarət olan növbəti iməcilik rayonun Abbasqulu Abbaszadə küçəsi boyunca keçirilib. Həmin gün iməcilikdə rayon icra hakimiyyətinin, idarə və təşkilatların, təsərrüfat xidmətlərinin əməkdaşları ilə yanaşı, ali və orta məktəblərin kollektivləri daxil olmaqla ümumilikdə 500 nəfər iştirak edib.
Havanın əlverişsiz olmasına baxmayaraq, səhər tezdən start götürən ağacəkmə kompaniyasında böyük fəallıq nəzərə çarpıb. Gün ərzində keçirilən ağacəkmə aksiyası zamanı 1000 yeni ağac və 1000 gül kolu əkilib, əvvəl əkilmiş 3000 ağaca qulluq göstərilib.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ağacəkmə aksiyasında fəallıq göstərən gənclərə IDEA İctimai Birliyinin “Yaşıl marafon” layihəsinin məqsədi barədə məlumat verib. Qeyd edib ki, ölkənin ekoloji mühitinin, son nəticədə isə insanların sağlamlaşdırılmasına xidmət edən bu nəcib təşəbbüsün dəstəklənməsi və reallaşmasında iştirak etmək hər birimizin borcudur.
Bu aksiya çərçivəsində Səbail rayonunda noyabr ayının əvvəlində keçirilən iməciliklərdə 3000 yeni ağac və 1000 gül kolu əkilib, yeni hazırlanmış sahəyə 3500 kvadratmetr qazon otu döşənib, əvvəl əkilmiş 2000 ağaca qulluq göstərilib.