“Yaşıl texnologiya” layihəsində Şəki məktəbliləri fəal iştirak ediblər
Bakı, 8 iyul, AZƏRTAC
“İqlim dəyişikliyi-qlobal istiləşmə” istiqamətində ortaq çalışdığımız “Yaşıl texnologiya” adlı layihədə diqqətimizi çəkən məqam ekoloji problemlərin birbaşa tədris etdiyim kimya fənni ilə əlaqəli olmasıdır. Bu layihə Elm və Təhsil Nazirliyinin xətti ilə Avropa Məktəblər Birliyinin (e-Twinning) platforması üzərindən reallaşan layihələrdən biridir. Layihənin müəllifləri Avropa Məktəblər Birliyinin (e-Twinning ) üzvləri olan Türkiyədən Aysun Türkoğlu, Azərbaycandan isə Xatirə Şabəddinova ortaq iş birliyi əsasında çalışıblar. Layihədə Azərbaycan, Türkiyə və Rumıniya məktəblərinin şagirdləri də iştirak ediblər.
Bunu AZƏRTAC-a açıqlamasında Şəki şəhər 11 nömrəli tam orta məktəbin kimya müəllimi Xatirə Şabəddinova söyləyib. O bildirib ki, sözügedən layihədə dünyanı düşündürən qlobal problem olan iqlim dəyişikliyi şagirdlərimizin də diqqətini cəlb edib. Şəki şəhər 11 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri Aişə Abdullazadə, Pərvin Əlizadə, Leyla İdrisova, Ceyran Mustafayeva, Sultan Paşazadə fəal çalışıblar və onlara sertifikat verilib.
“Bildiyimiz kimi, ətraf mühitin mühafizəsi bütün dünyada öndə duran məsələlərdən biridir. Müasir dövrdə insan həyatı, müqəddəratı ilə bağlı problemlər o qədər şaxələnib ki, doğma planetimizin bu bəlalardan qurtarması üçün təbiətə indiyə kimi vurulmuş yaraları sağaltmaq və onların təkrar olmaması üçün ən böyük yük kimyaçıların öhdəsinə düşür. Bu məqsədlə “Yaşıl texnologiya” adlı layihəyə də məktəbimizin istedadlı şagirdlərini cəlb etməyə çalışmışıq. Bu şagirdlər diqqətli, təbiətsevər və dostcanlıdırlar. Onlar layihə boyunca həm də öz dostlarını, əhatələrindəki insanları daha diqqətli olmağa çağırırlar. Ümid edirik ki, bu layihə bitdikdən sonra da müvafiq işlər davam edəcək”,- deyə Xatirə Şabəddinova vurğulayıb.
Şəki şəhər 11 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Leyla İdrisova layihə ilə bağlı fikirlərini bölüşüb: “İlk olaraq sinif yoldaşlarımla bərabər qeydiyyatdan keçdik. Beləliklə, bizim platforma ilə tanışlığımız baş tutdu. Hələ lap yeni olduğumuz bu platformaya giriş üçün bir-birimizə yardımı əsirgəmədik.
Layihə boyunca unutmadıq ki, burada məqsədimiz öyrənməklə yanaşı, həm də öyrətməkdir. Bu məqsədlə məktəbimizin girişində ümumi məlumat xarakterli lövhə hazırladıq. Beləliklə, məktəbdə təhsil alan digər şagirdləri də daha diqqətli olmağa və təbiəti qorumağa dəvət etdik. Layihənin məqsədini əks etdirən poster və loqo hazırladıq. Bu işi yerinə yetirərkən internetdə geniş araşdırmalar apardıq və “Canva” proqramı ilə tanış olduq. Bu proqramı öyrəndikcə hazırladığımız poster və loqolar daha da təkmilləşdi. Təbiətdə oksigen balansını qorumaq üçün məktəbin həyətinə toxum və ağac əkdik. Bununla da bizim təbiətdə oksigen tarazlığının qorunmasına qatqımız oldu. “Avatarmaker.com” proqramı vasitəsilə hər kəs öz avatarını yaratdı. Bu proqramla tanışlıq bizim araşdırma etmək, mühakimə yürütmək, ideya irəli sürmək, ingilis dili və İKT bacarıqlarımızın inkişafına təkan verdi və daha yeni bacarıqlar formalaşdırdı. “Voki” ilə xarakter səsləndirmə etdik. Bu prosesdə “Voki.com” proqramından istifadə etdik. Bununla da tanış olduğumuz və öyrəndiyimiz proqramlar siyahısına yenisi əlavə olundu. Ətraf mühiti təmizləmək üçün təbiətin seyrinə çıxdıq və çevrə təmizliyi etməyə çalışdıq. Bu səfərdə biz təbiətin gözəlliyini, canlıların necə məsum və zərərsiz olduğunu dərindən hiss etdik. Təbiəti və canlıları daha çox qorumağı hədəflədik. Öyrəndiyimiz və qeyd etdiyimiz xüsusi günlər: “e-Twinning day”, “Safe Internet day”, “Environment day”. Layihə boyunca gördüyümüz işləri qısa şəkildə videoformat halında təqdim etdik”.