YENİ AZƏRBAYCAN PARTİYASINDA BƏLƏDİYYƏ SEÇKİLƏRİ İLƏ BAĞLI MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Seçkilər keçirilən yerlərdə YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin iştirak etdikləri müşavirəni giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov qarşıda duran vəzifələrdən danışaraq dedi ki, ilk növbədə partiyanı təmsil edəcək layiqli namizədlər müəyyənləşdirilməlidir. Sənədləşdirmə prosesi başa çatandan sonra təbliğat-təşviqat işləri qurulmalıdır. Şəhər və rayon təşkilatları bu işlərə məsuliyyətlə yanaşmalı, əvvəlki seçkilərdə əldə olunan təcrübədən istifadə edilməlidir.
Radikal müxalifətin ənənəsinə sadiq qalaraq bu seçkilərdə də normal iştirak etmək istəmədiyini diqqətə çatdıran Ə.Əhmədov əminliklə bildirdi ki, seçicilər Yeni Azərbaycan Partiyasının namizədlərinə üstünlük verəcəklər. Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan uzaqgörən strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi böyük nəticələr verməkdədir. Artıq hər bir Azərbaycan vətəndaşı bu siyasətin bəhrəsini görür və hiss edir. Vətəndaşlarımız Azərbaycan dövlətinin möhkəmlənməsində Yeni Azərbaycan Partiyasının rolunu yüksək qiymətləndirirlər.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov icra katibliyinin hazırladığı tədbirlər planı barədə məlumat verdi.
Şəhər və rayon təşkilatlarının sədrlərinə konkret göstərişlər verildi.
Qeyd olundu ki, bütün proseslər qanunun tələbinə uyğun, vaxtında və məsuliyyətlə aparılmalıdır.
Müşavirədə partiyadaxili digər məsələlər də müzakirə olunmuşdur.