Yeniyetmə və gənc ixtiraçılar beynəlxalq müsabiqədə iştiraka dəvət edilirlər
Bakı, 19 iyul, AZƏRTAC
Avrasiya Patent Təşkilatı (APT) 10-25 yaş arasında olan yeniyetmə və gənc ixtiraçıları “Gələcəyə baxış” Avrasiya Patent Universiadasında iştirak etməyə dəvət edir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, ənənəvi olaraq APT tərəfindən keçirilən müsabiqənin iştirakçıları cari il oktyabrın 1-dək təşkilat komitəsinə aşağıdakı mövzulara dair layihələrini təqdim edə bilərlər: 17 yaşınadək yeniyetmə ixtiraçılar “İnsanın yaşayış mühitini yaxşılaşdırırıq. Yeni texnologiyalar yaradırıq” və “Müasir dizaynda milli kolorit”, 18- 25 yaşadək olan ixtiraçılar “Texnologiyalar: transformasiya, rəqəmsallaşdırma, modelləşdirmə, proseslərin və məhsulların təkmilləşdirilməsi” və “Orijinal məhsulun dizaynı və 3D modelləşdirmə”.
Müraciətlərin qəbulu üçün son tarix başa çatdıqdan sonra APT-nin mütəxəssisləri elan edilmiş layihələrin ekspertizasını keçirəcək və dekabrın 1-də qaliblərin adlarını açıqlayacaqlar. Müsabiqənin qalibləri APT-nin “Gələcəyə baxış” medalı və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Qiymətli hədiyyələr müsabiqənin jürisi tərəfindən 50 min rubl ilə əvəzlənə bilər. Müsabiqənin rəsmi dili rus dilidir.
Müsabiqədə iştirak etmək üçün linkdən istifadə edilə bilər.
APT Avrasiya patent sisteminin fəaliyyət göstərməsi və Avrasiya patentlərinin verilməsi ilə bağlı vəzifələri yerinə yetirmək üçün təsis edilib. Hazırda təşkilata 8 dövlət daxildir: Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Türkmənistan.
Azərbaycan Respublikası 1995-ci ildən APT-nin üzvüdür.