Yerli və xarici QHT-lərin əməkdaşlıq imkanları müzakirə edilib
Bakı, 16 avqust, AZƏRTAC
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində "Ümummilli Lider Heydər Əliyev Azərbaycan gənclər siyasətinin banisidir" gənclər forumunun iştirakçıları ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktorunun müavini Emil Çaparlı və Agentliyin məsul əməkdaşları, 8 ölkənin (Ukrayna, Çexiya, Polşa, Rumıniya, Türkiyə, Gürcüstan, Moldova, Rusiya) gənclərlə işləyən QHT rəhbərləri iştirak ediblər.
Görüşdə yerli və xarici QHT-lərin uğurlu və davamlı fəaliyyəti, təcrübə-informasiya mübadiləsi, əməkdaşlıq imkanları müzakirə edilib.
Layihə çərçivəsində Bakıda, eləcə də “Gənclər Paytaxtı” - Mingəçevir şəhərində beynəlxalq forumun keçirilməsi, iştirakçılarla interaktiv panel müzakirələri və forum zamanı Mingəçevir bəyannaməsinin imzalanması nəzərdə tutulub. Forumun xarici və yerli iştirakçıları ilə Heydər Əliyev irsi, dövlət gənclər siyasəti, beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinə dair müzakirələr aparılacaq.