YEVLAXLILARIN YEKDİL ARZUSU
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax rayonunun əhalisi Yevlax şəhərinin Azərbaycanımızın böyük oğlu, dahi siyasi xadim Heydər Əliyevin şərəfinə “Heydərabad” adlandırılması təşəbbüsü ilə çıxış edirlər. Bu təşəbbüs bütün yevlaxlılar tərəfindən böyük razılıqla qarşılanmışdır. Əhalinin bütün qruplarından ağsaqqalardan, gənclərdən, ziyalılardan ibarət “Heydərabad” təşəbbüs qrupu yaradılmışdır. Qrupa müraciət edən vətəndaşların sayı gündən-günə artır. Rayondakı 48 min seçicinin 42 minindən çoxu təklif olunan müraciəti imzalamışdır.
Yevlax rayonunun, eləcə də şəhərin sosial-iqtisadi inkişafında, tikinti- quruculuq işlərində müdrik insan, uzaqgörən siyasi xadim, dərin zəkalı rəhbər Heydər Əliyevin böyük xidməti olmuşdur. Cənubi Qafqazda ən iri sənaye müəssisələrindən olan yunun ilkin emalı zavodu məhz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə inşa edilmişdir. Şəhərdə onun adı ilə bağlı sənaye müəssisələri, mədəni-maarif və səhiyyə obyektləri çoxdur. Ötən il istifadəyə verilmiş “Heydər parkı” yevlaxlıların ən sevimli istirahət guşəsinə çevrilmişdir. Yevlaxlılar bütün sahələrdə qazanılmış nailiyyətləri Heydər Əliyev dühasının, onun ardıcıl, dönməz və müdrik siyasətinin nəticəsi kimi qiymətləndirirlər.
Yevlaxlılar ümidvar olduqlarını bildirirlər ki, onların arzusu həqiqətə çevriləcəkdir.