Yolkamıza qar ələ... – FOTOREPORTAJ
Bakı, 21 dekabr, AZƏRTAC
Zamanınmı sürəti artıb, günlərmi tez keçir, demək çətindir, amma vaxt çatışmazlığından hamı gileylənir. Uzağa niyə gedək, elə bil 2025-ci il dünən qədəm basmışdı, dünən Şaxta baba Qar qızla Dənizkənarı Bulvarda, Fəvvarələr meydanında uşaqların görüşünə çıxmışdı. Heç adamın inanmağı gəlmir ki, hər şey belə tez ötüb keçib. Elə bil hər şey dünən olmuşdu. Amma buyur, zaman ötüb, vaxt keçib, indi yeni bir təqvim ilinin astanasındayıq.
AZƏRTAC xəbər verir ki, paytaxtın parkları, küçə və meydanları Yeni ili qarşılamağa hazırlaşır. Hələlik ilk belə ünvanlardan biri Dənizkənarı Bulvar və orada açılmış Yeni il yarmarkasıdır. Şəhər sakinləri və qonaqlar üçün burada rəngarəng və biri-birindən maraqlı bayram proqramı hazırlanıb. Ötənilkindən fərqli olaraq bu il işıqlandırma və dekorativ elementlər baxımından yarmarka kiçik şəhərciyi xatırladır. Quruluş və tərtibat baxımından da əvvəlki illərdən xeyli fərqlər var. Ötən il yarmarkada yalnız qida məhsulları təqdim olunurdusa, bu il ziyarətçilər üçün müxtəlif əyləncələr və istirahət məkanları da var. Yeni il atributları ilə bəzədilmiş məkanda nələr yoxdur? Müxtəlif ölçülərdə küknar və şam ağacları, işıqlı çilçıraqlar, oyuncaqlar və digər bəzəklər valideynləri ilə həmin məkana üz tutan uşaqlar tərəfindən maraqla qarşılanır.
Yarmarkada quraşdırılan pavilyonlarda isti içkilər, suvenirlər, dekorativ məhsullar və mövsümi aksesuarlar təqdim olunur. Bununla yanaşı, səhnədə diskoteka, tamaşalar, işıq şousu nümayiş olunur. Həmçinin uşaqların asudə vaxtının səmərəli keçirilməsi üçün nağıl və cizgi film qəhrəmanlarının obrazlarında animatorlar uşaqlara bayram sevinci bəxş edir.
Bu ilki yarmarkada əvvəlki illərin heç birində olmayan bir yenilik də var. Bu, ilk dəfədir ki, paytaxta yaradılan açıq buz meydançasıdır. “Nargis” Fondu tərəfindən təşkil olunan meydança ÜNNA Studio tərəfindən qurulub və “Dinamo” zonasında yerləşir. Buz örtüyünün sahəsi 750 kvadratmetrdir. Meydança beynəlxalq təhlükəsizlik və keyfiyyət standarlarına cavab verir. Yaşından və bacarığından asılı olmayaraq hər kəs peşəkarların müşayiəti ilə burda konki sürmək təcrübəsi keçə bilər.
Dənizkənarı Buvardakı Yeni il yarmarkası bir həftədən artıqdır ki, öz qapılarını ziyarətçilərin üzünə açıb və onun yanvarın 5-dək davam edəcəyi nəzərdə tutulub.
Ötən hər gün bizi yeni təqvim ilinə bir addım da yaxınlaşdırır. Onun bayram ovqatını isə burada dekorasiya, satış məhsulları, musiqi, əyləncə və sayrışan işıqlardan duymaq mümükündür...