Yusif Şükürlü: Paşinyanın siyasəti ölkəsinin maraqlarına deyil, sorosçulara xidmət edir
Şəki, 8 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Xaricdəki təlimçilərinin tapşırığı ilə, pul qarşılığında Qərblə ikibaşlı oyun oynayan Ermənistanın ikiüzlü, yaltaq və yalançı baş naziri Paşinyanın gözü bu gün Soros dirijorunun çubuğundadır. Hazırda Paşinyanın siyasəti Ermənistanın milli maraqlarına deyil, onu baş nazir kürsüsündə əyləşdirən sorosçulara xidmət edir. Axı “haylar” tarixən onlara yaxşılıq edənlərə nankorcasına pisliklə, himayədarlarına ənənəvi naşükürlüklə cavab veriblər.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü söyləyib.
Elmi Mərkəzin direktoru bildirib ki, havadarlarına güvənən Ermənistan sentyabrın 27-də işğal olunmuş ərazilərimizin bütün istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini və dinc əhalimizin yaşadığı əraziləri artilleriya atəşinə tutmaqla, “yeni ərazilər işğal etmək” xülyası ilə hücuma başlayıb. Lakin nə qaragüruhçu “baş nazir”, nə də onun hərbi xuntası Azərbaycandan güclü və genişmiqyaslı intiqam zərbələri alacağını gözləmirdilər. Azərbaycan Ordusunun əks-həmlə hücumundan və cəbhədəki uğursuzluqlarından başını itirən Paşinyan hazırda çıxılmaz vəziyyətə düşüb.
“Azərbaycanın qəti və mükəmməl cavabı, ordumuzun güclü zərbələri Paşinyanın canına vəlvələ salıb, onu özünün başladığı təcavüzə peşman edib. Bu ölkənin baş naziri indi telefon dəstəyindən asılı qalıb. O, hər gün, hər saat tanıdığı dövlət başçılarına zəng edir, yalvarır. Fırıldaqçı, yalançı, saxtakar baş nazirin münaqişəni qloballaşdırmağa, real çərçivədən kənara çıxarmağa və bütün dünyaya yeni bir geosiyasi problem kimi təqdim etməyə çalışması artıq dövlət başçılarını da bezdirib”, - deyə Yusif Şükürlü bildirib.