YUXARI QARXUN KƏND ORTA MƏKTƏBİ GÖRKƏMİNİ DƏYİŞMİŞDİR
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Yevlax rayonunun Yuxarı Qarxun kəndində orta məktəbin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı ikimərtəbəli binanın açılışını bildirən lenti kəsdikdən sonra məktəblə tanış oldu, kitabxanaya, sinif otaqlarına, kimya, biologiya, fizika və digər fənn kabinetlərinə, idman salonuna baxdı. Bildirildi ki, 360 şagirdin təhsil aldığı məktəbdə səriştəli pedaqoji kollektiv çalışır. Bu təhsil ocağına dərsliklər, məktəbli forması Heydər Əliyev Fondu tərəfindən pulsuz verilmişdir.
Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva ibtidai sinifdə dərs prosesini izlədilər, uşaqların məktəbə davamiyyəti ilə maraqlandılar, şagirdləri təbrik etdilər.