Zak Braun: Bakıda yeniliklərin səmərəli olacağı fakt deyil
Bakı, 5 aprel, AZƏRTAC
Formula 1 çempionatının “McLaren Racing” komandasının icraçı direktoru Zak Braun pilotlar Lando Norris və Oskar Piastrinin nailiyyətinə sevinir, çünki onların hər ikisi Melburnda xal qazana biliblər. Bununla belə, Braun etiraf etməyə hazırdır ki, “MCL60” heç də ən rəqabətqabiliyyətli maşın deyil, lakin komanda artıq aprelin son istirahət günlərində Bakıda keçiriləcək növbəti mərhələyə yeniliklər hazırlayır.
AZƏRTAC xəbər verir ki, Zak Braun bu barədə fikirlərini bölüşərək deyib: “Çox güclü yürüş idi, buna baxmayaraq, bu dəfə bəxtimiz azca da olsa gətirdi. Lakin Səudiyyə Ərəbistanında uğur bizdən üz çevirmişdi, yəni biz Melburnda qazandığımız nəticəni qəbul edirik. Əlbəttə biz hələ istədiyimiz səviyyədə deyilik, irəlidə görüləcək işlər çoxdur, lakin bu, artıq irəliləyişdir.
Biz Oskarın uğuruna sevinirik, axı Avstraliya mərhələsi onun üçün ikiqat əziyyətli olub. Lakin indi o, Böyük Britaniya qayıdarkən təyyarədə rahat dincələ bilər. “McLaren” komandasının hər iki pilotunun xal qazanması çox sevindiricidir. Lando bolidin bütün imkanlarından var gücü ilə istifadə etdi.
Lando da, Oskar da işin öhdəsindən layiqincə gəldilər. Lakin etiraf etmək lazımdır ki, “MCL60”da hələ də maksimum sürət çatmır. Biz onu artıra bilsək, o halda ötmə əməliyyatı daha asan olacaq. Təbii ki, biz Azərbaycan mərhələsi üçün həm buna, həm də sıxma qüvvəsinin artırılmasına nail olmağa çalışacağıq.
Lakin bunlar tamamilə məlum məsələlərdir, baxmayaraq ki, texniki yeniliklərin səmərəliliyinin tam həcmdə özünü göstərəcəyi fakt deyil. Yəqin ki, bu, artıq başqa trasda baş verəcək. Möcüzə gözləməyə yəqin ki, dəyməz, lakin biz irəliyə addımlamağı düşünürük”.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakıda keçiriləcək.