Zaqatala Rayon İcra Hakimiyyəti aparatının kollektivi Azərbaycan Prezidentinin nəcib təşəbbüsünə qoşulub
Zaqatala, 25 mart, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala Rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulublar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, aparatın əməkdaşları biraylıq vəzifə maaşları həcmində pul vəsaitini (21 min 414 manat) Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.
Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Zaqatala rayonunda ciddi təxirəsalınmaz tədbirlər həyata keçirilir. Rayonun aidiyyəti dövlət strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq, rayonun idarə və müəssisələrində, Zaqatala şəhərinin küçə və parklarında, yaşayış məhəllələrində, bazar və satış mərkəzlərində, həmçinin digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.