Zaur İbrahimov: Yeni dəmir yolu Asiya-Avropa yükdaşımalarını iki istiqamətə böləcək
Bakı, 25 noyabr, AZƏRTAC
Naxçıvan-Qars dəmir yolunun Zəngəzur dəhlizinə birləşməsi Azərbaycanın nəqliyyat-tranzit sisteminin daha da şaxələnməsinə səbəb olacaq. Bunun nəticəsində Asiyadan Avropaya yüklər artıq tək bir marşrutla deyil, iki istiqamət üzrə daşına biləcək.
Bunu AZƏRTAC-a açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov bildirib. Onun sözlərinə görə, Çin və Mərkəzi Asiya ölkələrindən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Azərbaycana daxil olan yüklər Türkiyəyə iki fərqli xətt üzrə keçərək Avropaya yönələcək. Biri Gürcüstan üzərindən Bakı-Tbilisi-Qars dəmir yolu ilə, digəri isə Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan Muxtar Respublikası üzərindən.
Z.İbrahimov qeyd edib ki, tranzit yolların şaxələndirilməsi həm yüklərin təhlükəsizliyini təmin edir, həm də regionda dəyişən geosiyasi reallıqlar nəzərə alınmaqla Azərbaycanın strateji mövqeyini gücləndirir.
Ekspert bildirib ki, Orta Dəhlizə yeni dinamika gətirəcək Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi 223,9 kilometr uzunluğa malik yüksək standartlı xətti əhatə edir və layihənin 5 ilə tamamlanması planlaşdırılır. Bu müddət ərzində Mərkəzi Asiya respublikalarının ixrac potensialının daha da artacağı gözlənilir.
Onun sözlərinə görə, Vaşinqtonda Mərkəzi Asiya dövlət başçıları ilə ABŞ Prezidentinin C5+1 formatında görüşü və imzalanan sənədlər ABŞ-ın bölgədə yeni sərmayələrə başlamaq niyyətini nümayiş etdirir. Prezident Donald Trampın texnoloji inkişaf və hərbi sənaye üçün vacib sayılan nadir yer metallarının hasilatı və ixracına yönələcək investisiyalara açıq şəkildə dəstək verməsi də bu kontekstdə qiymətləndirilir.
Z.İbrahimov xatırladıb ki, avqust ayında Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin Vaşinqtonda keçirilən görüşündə Zəngəzur dəhlizinin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) kimi adlandırılması təsadüfi deyildi. ABŞ-ın bu dəhlizi dəstəkləməsi və infrastruktur layihələrinə sərmayə ayırmağa hazır olduğunu bəyan etməsi Mərkəzi Asiya ilə daha sıx nəqliyyat əlaqələrinin qurulmasına yönəlmiş strateji maraqlardan irəli gəlir.
Ekspert əlavə edib ki, Asiya ilə Avropanı Türkiyə vasitəsilə birləşdirən nəqliyyat xətləri yüksək səmərəliliyə malikdir. Türkiyənin geniş dəniz limanları və inkişaf etmiş logistika infrastrukturu bu üstünlüyü daha da artırır. Zəngəzur dəhlizi isə təkcə Azərbaycan-Ermənistan sülh prosesinin sürətlənməsinə xidmət etməyəcək, həm də region ölkələrinə yeni iqtisadi imkanlar açacaq. Üstəlik, ABŞ-ın maraq göstərdiyi bu coğrafiyada yerləşən dövlətlər əlavə siyasi zəmanət qazanmış olacaqlar.