Zərdabda infeksiya təhlükəsinə qarşı dezinfeksiya işləri davam etdirilir
Zərdab, 25 mart, AZƏRTAC
Zərdab rayonunda koronavirus (COVID-19) epidemiyasına qarşı tibbi-profilaktik, maarifləndirici tədbirlər davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Prezident İlham Əliyevin təhlükəli epidemiyaya qarşı tövsiyə və tapşırıqlarına müvafiq olaraq sakinlər arasında maarifləndirici söhbətlər aparılır, dezinfeksiya işləri, karantin tədbirləri planlı şəkildə, ciddi nəzarət altında həyata keçirilir. Rayonun bütün ümumtəhsil müəssisələri, səhiyyə ocaqları, mədəniyyət obyektləri, idarə, müəssisə və təşkilatları, küçə və parklar, ticarət və iaşə sahələri gigiyena və epidemiologiya mərkəzinin işçiləri tərəfindən dezinfeksiya edilib və hazırda əksər yerlərdə bu tədbir təkrar aparılır.
Əhali arasında epidemiyanın törədə biləcəyi təhlükə, buna qarşı mübarizə tədbirləri, karantin şərtlərinin gözlənilməsinin zəruriliyi barədə mütəmadi olaraq maarifləndirici söhbətlər aparılır.