Zərgərlik məmulatlarının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısı alınıb
Bakı, 25 mart, AZƏRTAC
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları zərgərlik məmulatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.
DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb, "Qırmızı Kanal" buraxılış sisteminə yönləndirilib. Vətəndaşın yükləri monitordan keçən zaman şübhəli predmetlərin təsviri görünüb. Yoxlama zamanı vətəndaşa məxsus qara rəngli çamadanın içərisində olan gödəkcənin cibindən və pul kisəsindən əvvəlcədən gömrük orqanına təqdim edilməyən, elektron və ya yazılı formada bəyan olunmayan qızıl zərgərlik məmulatları - 4 cüt sırğa, 7 ədəd üzük, 2 ədəd üzük-sırğa dəsti, 3 ədəd üzük-sırğa-kulon dəsti aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkarlanan predmetlər ümumi çəkisi 129,58 qram olan 583/585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatlarıdır.
Faktla bağlı araşdırma aparılır.