“Zirvə Astara” basketbol klubu “Sərhədçi”ni məğlub edib
Bakı, 11 aprel, AZƏRTAC
Azərbaycan Basketbol Liqasında XXV tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun son oyununda “Zirvə Astara” və “Sərhədçi” komandaları qarşılaşıblar.
“Sərhədçi” İdman Mərkəzində keçirilən görüşün ilk dəqiqələrindən üstünlüyü ələ keçirən Astara təmsilçisi yekunda 103:93 hesablı qələbə qazanıb.
Bu qələbədən sonra xallarının sayını 30-a çatdıran “Zirvə Astara” yeddinci pillədə qərarlaşıb. Hesabında 39 xalı olan “Sərhədçi” isə play-off zonasından uzaqlaşaraq beşinci sırada yer alıb.
Matçda ən məhsuldar basketbolçular “Sərhədçi”dən Maykl Diqqins (34 xal, 11 ribaund), "Zirvə Astara"dan isə Ruşard Kruikşenk (22 xal, 8 asist) olublar.