Zoran Qayiç: Azərbaycan və Serbiya arasında gözəl dostluq münasibətləri var
Bakı, 24 aprel, AZƏRTAC
Bir çox sahələrdə müzakirələr apardıq. Əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində razılıq əldə olundu. Belə ki, hər iki ölkədə inkişaf edən idman növlərinin qarşılıqlı şəkildə mübadiləsini aparmaq istəyirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Serbiyanın idman naziri, Bakının “Rabitə” voleybol klubunun sabiq baş məşqçisi Zoran Qayiç deyib.
Peşəkar mütəxəssislərin, məşqçilərin və idmançıların inkişafı istiqamətində birgə təlim-məşq toplanışlarının təşkilinin nəzərdə tutulduğunu diqqətə çatdıran Z.Qayiç vurğulayıb ki, birgə yarışların keçirilməsi istiqamətində də fikir mübadiləsi apardıq. Həmçinin beynəlxalq idman qurumlarında ölkələrimizin əməkdaşlığı barədə müzakirələrimiz oldu. Mənim azərbaycanlı həmkarım Fərid Qayıbov Avropa Gimnastikasına rəhbərlik edir. Serbiyada gimnastika növlərinin inkişafı barədə də danışdıq. Azərbaycan və Serbiya arasında gözəl dostluq münasibətləri var. Xatırlatmaq istərdim ki, Serbiyada yetərincə Azərbaycan şirkəti fəaliyyət göstərir.
“Mən ömrümün bir hissəsini Bakıda keçirmişəm. Dörd mövsüm voleybol klubunu çalışdırmışam. Mənim rəhbərliyimlə Azərbaycan voleybolunda müəyyən uğurlara imza atdıq. Bir məşqçi, həmçinin Serbiyanın idman naziri kimi, qardaş ölkədə idmanın bütün növləri, o cümlədən voleybolun da inkişafda olmağını görmək istəyirəm. Azərbaycanda voleybolun inkişafı istiqamətində bütün imkanlarımı səfərbər etməyə hazıram”, - deyə Zoran Qayiç bildirib.