SİYASƏT
Azərbaycanda qəbul edilən qanunlar əlilliyi olan insanların həyatına yeniliklər və müsbət dəyişikliklər gətirib VİDEO

Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də Ombudsman Aparatında "Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya - 10 il: görülmüş işlər və qarşıda duran vəzifələr" mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya barədə danışıb. Bildirib ki, əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin sosial müdafiəsi, həmçinin onların ictimai həyatın bütün sahələrində iştirakı, layiqli həyat sürmələri üçün şəraitin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. “İnsan yalnız o zaman rahatlıq tapır ki, onun hüquqları mümkün qədər tam təmin olunsun, bu zaman insan sərbəst və güclü olur, heç kimdən asılı olmadan yaşaya bilir. Ona görə də bu çərçivədə müxtəlif işlər aparılıb, müəyyən tədbirlər həyata keçirilib”,-deyə ombudsman vurğulayıb.
E.Süleymanova qeyd edib ki, respublikamızda əlilliyi olan şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə edilib. Onların maddi təminatı ildən-ilə gücləndirilir. Azərbaycanda əlilliyi olan insanların ehtiyacları tam təmin olunur. 2008-ci ildə ratifikasiya olunmuş Konvensiyadan sonra müəyyən qanunlar qəbul edilib. Bütün bunlar əlilliyi olan insanların həyatına yeniliklər, müsbət dəyişikliklər gətirib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın həyata keçirilməsinin əlaqələndirilməsi, öhdəliklərin və tövsiyələrin yerinə yetirilməsi vəziyyəti" mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, müstəqil Azərbaycanda əlilliyi olan şəxslərin cəmiyyətimizin layiqli üzvləri kimi yaşaması üçün davamlı tədbirlər həyata keçirilir. Əlilliyi olan insanlarla bağlı siyasət ümumbəşəri normalara uyğun qurulur. Əllilik özü-özlüyündə hər bir cəmiyyətin üzləşdiyi sosial fenomendir. Bu gün ölkəmiz qloballaşan dünyada layiqli yerini tutub və regionun iqtisadi cəhətdən lider dövlətinə çevrilib. Bu da, eyni zamanda, sosial məsələlərin, o cümlədən əlillərin problemlərinin həllinə imkan yaradır.
“Dəyirmi masa” müzakirələrlə davam etdirilib.