ANAMA: indiyədək 391 milyon 480 min kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO
Bakı, 6 dekabr, AZƏRTAC
Bu ilin noyabr ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən 1 milyon 876 min 649 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan təmizlənib. Ay ərzində 223 partlamamış hərbi sursat və tank əleyhinə 3 mina aşkar edilərək zərərsizləşdirilib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təmizləmə işlərində 489 nəfərlik əməliyyat və 127 nəfərlik inzibati heyətlər iştirak edib. Həmçinin əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it cəlb olunub.
İndiyədək 391 milyon 480 min 601 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və partlamamış hərbi sursatın sayı 752 min 928-dir.
Noyabrda agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Beyləqan, Cəbrayıl, Füzuli, Tərtər, Lənkəran və Xocavənd rayonlarında, Gəncə şəhərində və eləcə də Qaradağ rayonunun Güzdək qəsəbəsində həyata keçirilib.
Ay ərzində mina və ya partlamamış hərbi sursat hadisəsi qeydə alınmayıb.