REGİONLAR
Xocavəndli məcburi köçkün: Doğma yurdumuza qayıdacağımız günü səbirsizliklə gözləyirik VİDEO
Beyləqan, 2 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
26 ildir ki, köçkünlük həyatı yaşasaq da, doğma yurdumuza qayıdacağımıza inanır, o günü səbirsizliklə gözləyirik.
Bu sözləri Xocavənd rayon Salakətin kənd tam orta məktəbin müəllimi Telli Alıyeva AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib.
Telli Alıyeva bildirib ki, rayonun işğalından 26 il ötsə də, doğma torpaqlarını unutmur və gələcəyə nikbin baxırlar. İnanırlar ki, işğal altında olan torpaqlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, dövlətimizin və ordumuzun gücü sayəsində azad ediləcək.
"2016-cı ilin aprel döyüşləri zamanı ordumuzun düşmən üzərində zəfəri, mühüm strateji əhəmiyyətə malik yüksəkliklərin azad edilməsi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd sakinlərinin öz doğma torpaqlarına qayıdışı, həmçinin bir neçə ay əvvəl Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndinin işğaldan azad olması biz məcburi köçkünlərin doğma yurdumuza qayıtmaq inamımızı daha da artırıb. İnanırıq ki, ordumuz düşmən üzərində daha böyük qələbələr qazanacaq, Cocuq Mərcanlıdan başlanan qayıdış prosesi Qarabağa böyük qayıdışla başa çatacaq. Lələtəpədə ucaldılan Azərbaycan bayrağı tezliklə işğal altında olan digər ərazilərimizdə, o cümlədən Xocavənd rayonunda dalğalanacaq", - deyə T.Alıyeva bildirib.