İQTİSADİYYAT
Həsən Ruhani: Beynəlxalq dəhlizin həyata vəsiqə qazanmasında İranla yanaşı, Azərbaycan da böyük işlər görür VİDEO
Larican, 6 mart, AZƏRTAC
Martın 6-da Gilan vilayətinə səfər edən İran Prezidenti Həsən Ruhani Larican şəhərində xalq qarşısında çıxış edib.
AZƏRTAC xəbər verir ki, İran Prezidenti çıxışında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolunun formalaşmasına toxunub. Prezident diqqətə çatdırıb ki, bu beynəlxalq dəhlizin həyata vəsiqə qazanmasında İran ilə yanaşı, Azərbaycan da böyük işlər görür.
Onun sözlərinə görə, İranın yaxın dostu və qonşusu olan Azərbaycanla iqtisadi əlaqələrin daha da dərinləşməsi davam etdiriləcək.
Prezident bildirib ki, bu gün açılışı olacaq Qəzvin-Rəşt dəmir yolu gələcəkdə Astara şəhərinə qədər çəkiləcək və Azərbaycanla İranın dəmir yolları birləşəcək. Bu yol yalnız iki ölkənin deyil, eyni zamanda, Asiya ilə Avropanın dəmir yollarının birləşməsini şərtləndirəcək. Qəzvi-Rəşt dəmir yolu yaxın gələcəkdə Fars körfəzi ilə Şimali Avropa dövlətləri arasında “körpü” rolunu oynayacaq. Fars körfəzinə daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə İran və Azərbaycan ərazisindən keçməklə Avropaya, eləcə də əks istiqamətə daşınacaq. Bu isə xalqların rifah halının yüksəlməsinə, dövlətlərin isə əlavə iqtisadi dividendlər qazanmasına səbəb olacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Larican