132/110/35/10 kilovoltluq yeni "Culfa" yarımstansiyasında sınaq-sazlama işləri yekunlaşıb




Naxçıvan, 20 mart, AZƏRTAC
2004-cü ildə köhnə avadanlıqlardan istifadə edilərək o dövrün elektrik enerjisi tələbatına uyğun tikilən 132/110/10 kilovoltluq "Culfa" yarımstansiyasının köhnə avadanlıqları müasir tələblərə cavab vermədiyindən və istismar müddəti başa çatdığından tamamilə yenidən qurulub.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 132/110/35/10 kilovoltluq yeni "Culfa" yarımstansiyası üçün alınmış transformatorların quraşdırma işləri yekunlaşıb. Dövlət Energetika Xidmətinin, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və Türkiyə Respublikasının “Europower Enerji ve Otomasyon Teknolojileri San. Tic.” Səhmdar Cəmiyyətinin mütəxəssislərinin iştirakı ilə yarımstansiyada rele-mühafizə və SCADA sistemləri üzrə son sınaq-sazlama işləri həyata keçirilib, “Azərenerji” ASC-nin avtomatlaşdırılmış SCADA dispetçer sisteminə qoşulub.
Yarımstansiyada 132/110 kV-luq 50 MVA gücündə bir ədəd, 110/35/10 kV-luq 16 MVA gücündə iki ədəd yeni transformator quraşdırılıb, yarımstansiyanın gücü 82 MVA-ya çatdırılıb.
Yarımstansiyada növbətçi heyət üçün lazımi iş şəraiti yaradılıb, müvafiq xidmət otaqları, texniki xidmət və idarəetmə otaqları inşa edilib.
Yarımstansiyada 35 kilovoltluq qapalı paylayıcı qurğunun tikintisi və şəbəkə ilə əlaqələndirilməsi Culfa rayonunda 35 kilovoltluq dairəvi elektrik təchizat sxemlərinin yaradılmasına, elektrik enerjisi təchizatının dayanıqlılığına və etibarlılığına xidmət edəcək.
Yarımstansiyanın yenidən qurulması ilə 110 kilovoltluq elektrik verilişi xətlərinin əlaqələnmə sxemlərinin dəyişdirilməsi mümkün olub. Bununla da Biləv Su Elektrik Stansiyası, 110/35/10 kilovoltluq “Çeşməbasar” yarımstansiyası arasında 110 kilovoltluq elektrik təchizatı sxeminin etibarlılığı artırılıb, gələcəkdə 36 MVt Ordubad Su Elektrik Stansiyasının yarımstansiya ilə əlaqələndirilməsi nəzərə alınıb.