Əhməd Əhmədzadə: “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin icrası yekunlaşmaq üzrədir VİDEO
Xaçmaz, 18 sentyabr, Elxan Yusifli, AZƏRTAC
“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin icrası yekunlaşmaq üzrədir. Siyəzən və Xızı rayonları ərazisində işlər başa çatdırılıb. Bura yeni suvarılan torpaqların istifadəyə verilməsi və mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması aiddir. Hazırda meliorasiya işləri Şabran ərazisində davam etdirilir. Layihənin icrası rayonda tikilməkdə olan aqroparkların su təminatı üçün böyük əhəmiyyətə malikdir. İki il ərzində layihənin icrası tam başa çatdırılacaq. Bu da 150 min hektar suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması və 30 min hektar yeni suvarılan torpaqların dövriyyəyə cəlb olunması deməkdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə Xaçmazda keçirilən vətəndaş qəbulundan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
ASC-nin sədri bildirib ki, icra olunan layihə Bakı və Sumqayıt şəhərlərinin, ümumiyyətlə, Abşeron yarımadasının içməli su ilə təminatında da mühüm rol oynayır.
“Builki quraqlıq səbəbindən su ilə təchizatda çətinliklər yarana bilərdi. Amma Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı içməli su təchizatında problemlərin qarşısının alınmasında vacib rol oynadı. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində mühüm əhəmiyyətli məsələ vaxtında həll edilib. Bu səbəbdən də bu il Bakı, Sumqayıt şəhərlərində və şimal rayonlarında içməli su ilə bağlı problem yaşanmayıb. Yüz milyonlarla kubmetr su Taxtakörpü su anbarında toplanıb və oradan paytaxt istiqamətində axıdılır. Görüləsi işlər hələ çoxdur. Mövcud su təsərrüfatı obyektlərində yenidənqurma işlərinin aparılması, su təchizatının yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsi, müasir suvarma texnologiyalarının tətbiqi diqqətdə saxlanılır. Bunların hamısı respublikada məhsul bolluğuna gətirib çıxarır”, - deyə Əhməd Əhmədzadə müsahibəsində qeyd edib.