İQTİSADİYYAT
Lerikli fermer: Klermon-Ferran beynəlxalq heyvandarlıq sərgisi fermerlərimizə geniş imkanlar açır VİDEO
Klermon-Ferran, 5 oktyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə bir qrup fermerlə Fransada heyvandarlıq sərgisinə gəlmişik. Bu səfərin məqsədi məhsuldar heyvan cinsləri ilə tanış olmaq və ölkəmizin tələbatına uyğun damazlıq heyvanlar seçməkdir. Burada fermerlərə müxtəlif cinslərlə, onların bəslənilməsi ilə yaxından tanış olmaq imkanı yaradılıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Fransadakı səfirliyimiz və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə Klermon-Ferran şəhərində beynəlxalq heyvandarlıq sərgisinə qatılan lerikli fermer Pənah Hüseynov deyib.
Lerikli fermer deyib ki, sərgidə məhsuldar cins seçərək, ölkəmizdəki yerli heyvanlarla mayalandırmaq və xəstəliklərə dözümlü yeni cins yetişdirmək niyyətindədir.
“Məhsuldarlığı artırmaq üçün yeni yanaşmalar lazımdır. Bu baxımdan Klermon-Ferranda keçirilən beynəlxalq heyvandarlıq sərgisi biz fermerlərə geniş imkanlar açır. Məhsuldarlığı az olan yerli xırdabuynuzlu heyvanları sərgidə nümayiş etdirilən məhsuldar cinslərlə mayalandıraraq ölkəmizin iqliminə, müxtəlif xəstəliklərə dözümlü yeni cins heyvanlar yetişdirməliyik”, - deyə P.Hüseynov bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Klermon-Ferran