Bakı gəmiqayırma zavoduna media-tur təşkil edilib VİDEO
Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da Bakı gəmiqayırma zavoduna media-tur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, özünəməxsusluğu ilə seçilən “Laçın” adlı gəminin Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında yerli mütəxəssislər tərəfindən inşa edildiyi bildirilib. Məlumat verilib ki, gəminin uzunluğu 141, eni isə 16,9 metrdir. On beş nəfərlik heyətə malik bu gəmi saatda 10 uzel sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsullarının daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kubmetr olan 6 yük tankına malikdir. Dedveyti dənizdə 7,875 ton olan tanker iki ədəd “Wartsila” istehsalı mühərriklə təchiz edilib. “Laçın” tankeri nəinki Xəzərdə neft və neft məhsullarının daşınmasını, həmçinin Volqa-Don və Volqa-Balt kanalları ilə Xəzərdən kənar hövzələrə də maye yüklərin daşınmasını təmin edəcək. Hazırda Bakı gəmiqayırma zavodunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi əsasında bu tip daha 3 tankerin tikintisi aparılır.
Sonra jurnalistlər inşasının növbəti mərhələsinin davam etdirilməsi məqsədilə yeni suya salınan “RoPax” tipli “Azərbaycan” bərə-gəmisi ilə tanış olublar. Bildirilib ki, bu gəminin gövdə hissəsinin inşası 100 faiz başa çatıb. Qalan tikinti və quraşdırma işləri gəmiqayırma zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə gəmi-bərə zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlarla suya salınıb.
Unikal “RoPax” tipli gəmi-bərənin uzunluğu 154,5, eni 17,7 metr, sürəti 14 uzelə bərabərdir. Gəmi 56 vaqon-çən, 50 yük maşını və 100 sərnişin daşımaq imkanına malikdir. Heyət sayı 30 nəfərdən ibarət olacaq bu tipli gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb.
“Azərbaycan” “RoPax” tipli bərə gəmisi, eləcə də hazırda inşası davam edən daha 1 ədəd eyni tipli bərə gəmisi “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcək.
Son illər ölkədə nəqliyyat-logistika və tranzit yükdaşımaları sahəsinin inkişafı istiqamətində Prezident İlham Əliyev tərəfindən irimiqyaslı layihər və vacib islahatlar həyata keçirilir. Bu tədbirlər nəticəsində nəqliyyat-logistika və tranzit yükdaşımaların ən önəmli sahələrindən olan gəmiçilikdə də müsbət nəticələr əldə edilib.
Bildirilib ki, təkcə son 6 ildə Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ASCO tərəfindən 20 gəmi alınıb. ASCO gəmilərin inşasında yerli gəmiqayırma sənayesinin dəstəklənməsi məqsədilə regionda ən müasir və unikal gəmi tikintisi potensialına malik Bakı gəmiqayırma zavodunun imkanlarından geniş istifadə edir. İndiyədək sözügedən zavodda ASCO-nun sifarişi ilə 1 liman-yedək və 3 sərnişin gəmisi tikilərək təhvil verilib. Bundan əlavə, 2016-cı ilin sonunda vaqon-TİR və sərnişin daşınması üçün nəzərdə tutulan 2 ədəd “RoPax”/bərə tipli gəmilərin və maye yüklərin daşınmasını təmin edən 2 ədəd tankerin inşası üzrə ASCO ilə zavod arasında müqavilə imzalanıb. Bu ilin fevralında daha 2 ədəd eyni tipli tankerin tikintisi üzrə ASCO tərəfindən Bakı gəmiqayırma zavodunda sifariş verilib. Bu gəmilərin tikintisinin 70 faizi ASCO-nun mənfəəti, 30 faizi isə dövlət investisiyası hesabına maliyyələşir. Bununla belə, ASCO-nun donanması üçün zəruri olan müxtəlif təyinatlı gəmilərin inşası ilə bağlı gəmiqayırma zavodu ilə danışıqlar aparılır. Onların arasında quru yük, konteyner daşıyan, kran, yanğınsöndürən, yedək-təchizat, təchizat və nəqliyyat gəmiləri var.