Sahibkarlarla “İxracatçılara dəstək layihəsi”nə dair müzakirələr aparılıb YENİLƏNİB VİDEO
Bakı, 25 dekabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "İxracatçılara dəstək layihəsi" çərçivəsində sahibkarlarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş Qida Təhlükəsizliyi Agentliyi, İİTKM, Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Tədarük və Təchizat" ASC, Aqrar Kredit və İnkişaf Agentliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə təşkilatçılığı ilə baş tutub.
İİTKM-in departament rəhbəri Nicat Hacızadə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti, “Azexport.az” portalı üzərindən ixrac imkanlarının genişləndirilməsi və Rəqəmsal Ticarət Qovşağının elektron xidmətləri barədə məlumat verib.
Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov ixrac əməliyyatlarında qida təhlükəsizliyinin əhəmiyyəti və rolu barədə iştirakçıları məlumatlandıraraq ölkəmizin ixrac coğrafiyasının diversifikasiyası və qeyri-ənənəvi bazarlara çıxış imkanları baxımından görüşün vacibliyini vurğulayıb.
"Aqrar Tədarük və Təchizat" ASC-nin idarə heyətinin sədri Leyla Məmmədova fermerlər tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, bu istiqamətdə ixracatçıların çətinliklərinin aradan qaldırılması ilə əlaqədar nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
Bundan əlavə tədbirdə aqrar sahədə yeni subsidiya mexanizmi və maliyyə resurslarına çıxış, Azərbaycanın ixrac potensialı və USAID-in töhfəsi barədə çıxışlar olub, eləcə də yeyinti məhsullarının ixrac coğrafiyası və xarici dövlətlərin idxal tələbləri üzrə təqdimat edilib.
Tədbirin sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və sahibkarların sualları cavablandırılıb.