CƏMİYYƏT


Paytaxt küçələrində növbəti dəfə dezinfeksiya işləri aparılır VİDEO

Bakı, 28 noyabr, AZƏRTAC

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda epidemiyaya qarşı işlərin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, son günlərdə koronavirusa yoluxanların sayında kəskin artımın olması nəzərə alınaraq, noyabrın 28-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları növbəti - on yeddinci dəfə paytaxtdakı əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirir. Bu işlərə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşı cəlb edilib.

Gün ərzində paytaxtın həm mərkəzi, həm də qəsəbə və yaşayış massivlərindəki küçələrdə dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, Bakı sakinlərinə əvvəlcədən KİV-lər vasitəsilə xəbərdarlıq edilib.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun olaraq qurumun balansındakı yaşayış binalarında, lift kabinələrində, həyətlərdə və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiya tədbirlərini davam etdirirlər.

Qeyd edək ki, geniş dezinfeksiya işlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı pandemiyanın fəsadlarından qorumaqdır.

Koronavirusun daha da çox yayılmasının qarşısını almaq üçün vətəndaşlardan karantin qaydalarına ciddi riayət etmələri xahiş olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.