CƏMİYYƏT
Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin satışına qarşı uğurla mübarizə aparır VİDEO
Bakı, 29 iyun, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti genişmiqyaslı əməliyyatlar həyata keçiriblər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarə əməkdaşlarının Qaradağ rayonunda keçirdikləri əməliyyat zamanı Bərdə şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün dəfələrlə məhkum edilmiş Ramal Hüseynov saxlanılıb. Onun üzərindən və idarə etdiyi avtomobilindən 18 kiloqram 582 qram heroin, 1 kiloqram 630 qram metamfetamin və narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi plastik kart aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq Ramal Hüseynovun Bərdə şəhərində yaşadığı evindən isə əlavə 9 kiloqramdan çox heroin aşkarlanıb.
Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Masallı rayonunda həyata keçirdikləri əməliyyat zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Astara rayon sakini İbrahim İmaməliyev saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 13 kiloqram 710 qram heroin, 10 kiloqram tiryək, 3 kiloqram 443 qram psixotrop maddə olan metamfetamin, 1 kiloqram marixuana və satışı qadağan olunan 1000 ədəd metadon həbi aşkarlanıb. İbrahim İmaməliyev külli miqdarda narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyini bildirib.
Baş İdarə əməkdaşlarının Sabunçu rayonunda həyata keçirdikləri növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Amid Süleymanov, Zakir Abbasov və Müşfiq Əliyev tutulublar. Amid Süleymanovun üzərinə və yaşadığı Ramana qəsəbəsindəki evinə baxış zamanı 6 kiloqram 89 qram heroin, 2 kiloqram 50 qram psixotrop maddə metamfetamin və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib. Bu əməliyyat zamanı saxlanılan Zakir Abbasov və Müşfiq Əliyev Sabunçu rayonunun qəsəbələrində narkotik vasitələrin satışı, daşınması və gizlədilməsində Amid Süleymanova yaxından kömək göstəriblər.
Həmçinin Baş İdarə əməkdaşlarının müvafiq olaraq paytaxtın Nərimanov, Xəzər, eləcə də Abşeron rayonu ərazilərində həyata keçirdikləri əməliyyatlar zamanı isə əvvəllər məhkum olunmuş Vüqar Ələsgərov, Elvin Rəsulov, Samir Şahverdiyev, Nail Nəsirov və Səbuhi Hüseynli saxlanılıblar. Baxış zamanı Vüqar Ələsgərovdan 1 kiloqramdan artıq heroin və metamfetamin, Elvin Rəsulovdan 500 qrama yaxın heroin və narkotik vasitələrin satışından əldə etdiyi pul vəsaitləri, Samir Şahverdiyev və Nail Nəsirovun üzərlərindən, eləcə də, idarə etdikləri avtomobillərdən ümumilikdə 1 kiloqram 40 qram heroin, metamfetamin və elektron tərəzi, Səbuhi Hüseynlidən isə ümumilikdə 2 kiloqram 361 qram heroin, metamfetamin və bir elektron tərəzi aşkar edilib.
Baş İdarə əməkdaşlarının narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı həyata keçirdiyi sonuncu əməliyyat zamanı isə Abşeron rayonu Məhəmmədli qəsəbəsində yaşayan Ramil Rəhimov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı ümumi çəkisi 20 kiloqram olan 91 çətənə kolu aşkarlanıb.
Əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları 72 kiloqramdan artıq narkotik maddəni - heroin və metamfetamini, o cümlədən 91 çətənə kolunu və 1000 ədəd metadon həbini aşkarlayaraq qanunsuz dövriyyədən çıxarıblar.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı saxlanılanların hər biri Bakı və ətraf ərazilərdə narkotik vasitələrin aktiv satışını həyata keçirən şəxslər olublar. Baş İdarənin əməkdaşları onların cinayət əlaqələrinin və əldə etdikləri narkotik vasitələrin mənbələrinin müəyyənləşdirilməsi istiqamətində əməliyyatları davam etdirirlər.