SİYASƏT
Ukraynanın Mirqorod şəhərində Mədəni Diplomatiya üzrə Forum keçirilib VİDEO



Mirqorod, 21 sentyabr, AZƏRTAC
Ukraynanın Mirqorod Şəhər Günü və şəhərin alman faşistlərindən azad olunmasının 78-ci ildönümü münasibətilə Mədəni Diplomatiya üzrə Forum keçirilib.
AZƏRTAC xəbər verir ki, Mirqorod şəhər meriyasının binasında təşkil olunan tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, səfirliyin müşaviri Sabir Rzayev, şəhər meri Sergey Solomaxa Azərbaycanın və digər ölkələrin diaspor fəalları, icma rəhbərləri iştirak ediblər.
Mer Sergey Solomaxa giriş sözü ilə çıxış edərək bildirib ki, bu cür forumlar xalqlar arasında əlaqələri möhkəmləndirir, sülhün bərqərar olmasına xidmət edir. Dünyada tolerantlıq güclənərsə, xalqlar arasında mehriban münasibətlər genişlənər.
Azərbaycan və Ukraynanın tolerant dövlətlər olduğunu deyən səfir Elmira Axundova isə qeyd edib ki, bu tolerantlıq hər iki ölkəni bir-birinə dost, strateji tərəfdaş edib. Ukrayna tolerant dövlət olduğu üçün burada yaşayan azərbaycanlılar özlərini çox rahat hiss edir, Ukrayna cəmiyyətinə asanlıqla inteqrasiya olunur.
Sonra tədbirdə Mirqorod rayon Şurasının deputatı, həmyerlimiz Kamandar Bayramov, Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədov, Ukraynada Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Mirqorod şəhər təşkilatının sədri Zamir İsmayılov və digər xalqların icma rəhbərləri çıxış edərək müzakirə olunan forumun əhəmiyyətindən danışıblar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Mirqorod